Press "Enter" to skip to content

Sərhədsiz Reportyorların növbəti saxtakarlığı hiddətə səbəb oldu

Azərbaycan Mətbuat Şurası

Bayraqdar.info – Parisdə yerləşən, Azərbaycan, Türkiyə və digər türk dövlətlərinə qərəzli münasibətilə seçilən Sərhədsiz Reportyorlar Təşkilatı yenə də mahiyyətinə sadiq qalıb. Qurum, iyunun 23-də sosial media hesabında paylaşım edərək guya Azərbaycan əsgərlərinin İspaniyalı jurnalist heyətini ölümlə hədələdiyi haqqında əsassız iddia irəli sürüb. Paylaşımda hər hansı mənbə göstərilmir. Üstəlik, hədələndiyi deyilən jurnalistlərin adları və ya təmsil etdikləri media qurumları haqqında da heç bir bilgi yoxdur. Elə ilk baxışdan anlaşılır ki, saxta xəbərdir, məqsəd də Azərbaycanı hədəfə almaqdır.

Belə məsələlərə peşəkar yanaşmasıyla daim seçilən Azərbaycan Mətbuat Şurası da bununla bağlı mövqe ifadə edib. Bayraqdar.info-ya MŞ-dan daxil olan xəbərdə bildirilir ki, Şura Sərhədsiz Reportyorların bu saxta paylaşımı ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

Önəmini nəzərə alaraq müraciətin tam mətnini təqdim edirik:

“Sərhədsiz Reportyorlar Təşkilatı özünün Twitter hesabında xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair paylaşım edib.

Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində söz və ifadə azadlığı müstəvisində çoxsaylı manipulyasiyalara, Azərbaycanın nəzarətində olan ərazilərdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlara yol verib.

Ermənistan hakimiyyəti eyni zamanda media təmsilçilərini bilərəkdən döyüş intensivliyi ilə seçilən bölgələrə, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan ərazilərə aparıb ki, onların həyatları üçün təhlükə yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt “Sərhədsiz reportyorlar” məsələni susmaqla qarşılayıb, heç bir münasibət bildirməyib.

Təşkilat işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə də səssiz qalıb. Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi təəssüf doğurur.

Aydındır ki, bu, Sərhədsiz Reportyorların Azərbaycana qarşı növbəti qərəzidir. Təşkilat Azərbaycana münasibətdə o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edib. Qurumun Twitter paylaşımındakı foto görüntüdən bu qənaətə gəlmək mümkündür.

İspan jurnalistlərin guya ölümlə hədələnmələrinin sübuta yetirilməsi cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıb.

Bir daha bildiririk ki, Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Twitter səhifəsindəki paylaşım bunun real sübutudur. Dünyada tanınmış media qurumunun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlərə yol verməsi ölkəmizin media ictimaiyyətində dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər də əsl həqiqətlərdən xəbərdar olasınız, söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyaların qarşısının alınması üçün səfərbərlik nümayiş etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən Sərhədsiz reportyorlar Təşkilatının əlində alətə çevrilməməlidir”.

Əlavə edək ki, bayraqdar.info-nun qurucu-redaktoru Azər Həsrət də Sərhədsiz Reportyorların əsassız paylaşımına elə Twitter üzərindən reaksiya verərək onları saxta xəbər yaydıqlarına görə qınayıb.

Mission News Theme by Compete Themes.