Press "Enter" to skip to content

Müzəffər Ali Baş Komandan yenə də hərbi qulluqçuları sevindirdi

Bayraqdar.info – İyunun 25-də Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi qulluqçuların maddi-sosial vəziyyətini yaxşılaşdırmaq üçün olduqca önəmli bir Sərəncam imzalayıb: “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında”.

Adından da göründüyü kimi, bu Sərəncamla qeyd edilən kateqoriyaya aid hərbi qulluqçuların maaşları ciddi şəkildə artmış olacaq.

Artım deyəndə, bu da konkret rəqəmlə ifadə edilir. Sərəncama görə, işğaldan azad edilmiş ərazilərdə xidmət keçən hərbi qulluqçuların vəzifə maaşları ən azı 20 faizdən başlamaqla 60 faizə qədər artırılmış olacaq. Daha doğrusu, Prezidentin əlavəsi bu həcmdə olacaq.

Sərəncamda o da bildirilir ki, bu əlavə iyulun 1-dən başlamaqla qarşıdakı 5 il müddətinə keçərli olacaq. Bu isə həm müddət, həm də məbləğ baxımından olduqca ciddi rəqəmdir. Lori dildə desək, min manat maaş alan hərbi qulluqçunun aylıq qazancı 200 manatdan 600 manatadək artmış olacaq. Yəni uyğun olaraq 1 min 200-dən 1 min 600-dək. Olduqca ciddi rəqəmdir. Elə təkcə bu rəqəmlər onu deməyə əsas verir ki, Prezident, onun başçılığı altında Azərbaycan dövləti Vətən torpaqlarını qoruyan igid övladlarının sosial rifahını daha da yüksəltməkdə qərarlıdır.

Bura onu da əlavə edək ki, bir gün öncə – iyunun 24-də Prezident İ.Əliyev 76 mindən artıq hərbi qulluqçunu Vətən torpaqlarının azad edilməsinə görə medallar və ayrı-ayrı ordenlərlə təltif etmişdi.

Təbii ki, Prezidentin bu Sərəncamları yenilik sayıla bilməz. Biz vətəndaş olaraq tez-tez cənab Prezidentin hərbi qulluqçuların sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımları müşahidə edirik. Hətta onun əsgər yeməkxanasında əsgərlərlə birlikdə süfrə arxasında oturması da adi hala çevrilib.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Ordusu hazırda ən layiqli Ali Baş Komandanın əmrindədir. Bu Ali Baş Komandan elə bir komandandır ki, dövlətin bütün digər işlərinin idarə edilməsilə yanaşı ən sıravi əsgərin belə problemlərini hər an diqqətdə saxlayır.

Yeri gəlmişkən, bu Sərəncamların 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində verilməsi də təsadüf deyil. Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən savaşında məhz Müzəffər Ali Baş Komandan İ.Əliyevin başçılığı altında şəhidlərimizin canı, qazilərimizin qanı bahasına torpaqlarımızı uzun illik işğaldan azad etdi. Bu Ordu hər cür hörmətə və diqqətə layiqdir. Həm də bu Ordunun Ali Baş Komandanı hər cür hörmətə layiqdir.

Mission News Theme by Compete Themes.