Bayraqdar.info – İyunun 24-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəsmi açılış mərasimi keçirilib.
Açılış öncəsi MEK-in rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanı ziyarət edib. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Açılışda Türkiyənin Azərbaycandakı səfiri, hərbi attaşesi, Qazaxıstanın Azərbaycandakı səfirliyinin I katibi, millət vəkilləri, milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri və AMEA elmi təqdiqat institutlarının rəhbərləri, qazilər iştirak ediblər.
Xəbər bayraqdar.info-ya AMEA MEK-dən verilib.
Bildirilir ki, AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun açılışının Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı günə təsadüf etdiyini vurğulayıb.
Baş direktor qeyd edib ki, fonda rəhbərlik “Zəfər” ordenli şəhid, Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə olunub.
Professor M.Əliyev yaradılmış fondun əhəmiyyətindən danışıb və Azərbaycanda bu mövzu ilə bağlı mətbuatda dərc ediləcək məqalələrin, elmi nəşrlərin, dissertasiyaların fondu daha da zənginləşəcəyindən əminliyini ifadə edib.
Türkiyə səfiri Cahit Bağçı çıxış edərək ölkəsinin həm siyasi, həm mənəvi cəhətdən hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. O, bu dəstəyin iki ölkə arasında olan qardaşlıq mövqeyinin təzahürü olduğunu bildirib: “Üç min nəfərə yaxın şəhidi hörmətlə anırıq, qazilərə can sağlığı arzulayırıq. Zəfəriniz şanlı olsun, mübarək olsun!”- deyə səfir çıxışını bitirib.
R.Səfərzadə qeyd edib ki, dövlətin və ictimaiyyətin dəstəyi, AMEA rəhbərliyinin yaxından köməkliyi ilə Fondun zənginləşdirilməsi istiqamətində müharibə iştirakçıları və ailələri ilə əlaqələr qurulub. Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb və bu proses hələ də davam edir. Bundan əlavə, fondda olan nəşrlər və ədəbiyyatlar e-kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, Birinci və İkinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alır.
Tədbirdə AMEA -nın vitse-prezidenti, akademik İradə Hüseynova, millət vəkilləri Tamam Cəfərova, professor Anar İsgəndərov, Lənkəran Dövlət Universitetinin prorektoru, dosent, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, Slavyan Universitetinin prorektoru, dosent Xanım Sultanova, Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin oğlu, “Yaşat” fondunun təmsilçisi Elvin Mirzəyev, Xocalı sakini Mürvət Məmmədov və digərləri də çıxış ediblər. Onlar AMEA MEK-in gördüyü işi yüksək qiymətləndiriblər.
Tədbir zamanı Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli tərəfindən “Xudayar təsnifi” və gənc xanəndə Anar Məmmədovun ifasında “Qarabağ” mahnısı təqdim olunub.
MEK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və Fondun açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib.