Press "Enter" to skip to content

İlan və ya zəhərli hörümçək sancarsa, nə etməli?

Son yeniləmə: 24 İyun 2021 22:24

Bayraqdar.info – Hər il yay mövsümündə ilan və əqrəblərin, zəhərli həşəratların fəallaşması baş verir. Zəhərli həşərat sancmaları ilə bağlı əhalinin yay aylarında toksikoloji mərkəzlərə müraciətləri də artır.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bayraqdar.info-ya bildirilib ki, bu və ya digər suallara Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev aydınlıq gətirib.

-Toksikologiya Azərbaycanda çox unikal bir sahədir. Bu sahə ölkəmizdə 1982-ci ildə açılıb. O ilə qədər kəskin kimyəvi maddələrdən ölüm faizi həddindən artıq çox idi. Hətta mən deyə bilərəm ki, 1982-ci ildə zəhərlənmələrdən stasionar ölüm səviyyəsi 10%-ə yaxın idi. Toksikologiya xidməti yaradıldıqdan sonra bu istiqamətdə ölüm faizi 1,8 faizə qədər düşüb.

İldən-ilə dünya miqyasında kimyəvi maddələrin sayı artır. Dünyada hər il tək ilan sancmalarından 2,5 milyondan artıq insan intoksikasiya olur. On milyonlarla insan dəm qazı, müxtəlif dərmanlardan, qara bazara çıxan yeni narkotik maddələr və istehsalda, sənayedə istifadə olunan digər kimyəvi maddələrdən zəhərlənmə halı ilə müraciət edir. Həmçinin, kənd təsərüfatının da inkişafı ilə birlikdə pestisid maddələrlə zəhərlənmələr hər il artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, kimyəvi sənaye inkişaf etdikcə toksikoloji xidmətə tələb də artacaq. Hətta müharibələrdə belə kimyəvi maddələrdən silah kimi istifadə olunur.

Zəhərlənmələr ilboyu eyni həcmdə olur

-Sirkə turşusu, dərman zəhərlənmələri, narkotik maddələr və alkoqolla bağlı zəhərlənmələr demək olar ki, ilboyu eyni proporsiyada olur. Digər intoksikasiyalar isə toksikologiyada mövsümi xarakteri daşıyır. Məsələn, yay üçün zəhərli heyvan sancmaları, payız üçün daha çox göbələklərlə zəhərlənmələr, qış mövsümü üçün dəm qazı zəhərlənmələri daha çox müşahidə olunur. Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir.

İlan və ya həşərat dişləmələrini fərləndirmək üçün sancma yerinə baxmaq mütləqdir

-Bizi ilanın və ya hansısa həşəratın dişlədiyini bilmək üçün ik olaraq sancma yerinə baxmalıyıq. Əgər ilan sancmasıdırsa 2 nöqtəvari yer olur. Biz həmin an həkimə müraciət etməliyik. Çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə insan çox vaxt bu sancmaları dərhal hiss etmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi, titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdır. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.

Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o insanlarda baş verir ki, ilan sancmasından sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışırlar. Bunlar doğru üsullar deyil. Bəzən bu yolla infeksiyanın daha çox yayılmağına səbəb oluruq.

Necə müdaxilə edə bilərik?

-İlk növbədə qorxmaq lazım deyil. İlan sancmasından sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdır və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər. Həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar.

Əgər görsəniz ki, sizi zəhərli hörümçək sancdı ilk 2 dəqiqə ərizində kibrit vasitəsi ilə həmin nahiyəni yandırsanız termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını ala bilərsiniz.

İlan sancmalarından sonra uzun müddət biz fəsadlar görə bilirik. Bunun əsas səbəblərdən biri də zəhərin limfatik yolla yayılmasıdır. Bədəndə limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən bu hal uzun illər davam edir. Həmin nahiyəni sıxmaq sağalmanı çox gecikdirir. Ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma, hətta amputasiyaya qədər gətirib çıxara bilir. Bir daha tövsiyəmiz: bu hallarda həkimə zamanında müraciət etməkdir.

Mission News Theme by Compete Themes.