Bayraqdar.info – İsveçrənin Bern şəhərində “Gələcəyin əkinçiliyi, resurs qoruyucu kənd təsərrüfatı ilə rentabelli və dayanıqlı əkinçilik” mövzusunda onlayn formatda torpaq qoruyucu əkinçilik üzrə 8-ci dünya konqresi keçirilib.
Konqres Torpaq Qoruyucu Əkinçilik üzrə Avropa Federasiyası və İsveçrənin Şumsuz Əkinçilik Assosiasiyasının təşkilatçılığı ilə keçirlib.
Tədbirin texniki tərəfdaşı BMT-nin Ərzaq və Kənd Təsərrüatı Təşkilatı (FAO), dəstəkçisi isə Life Agromitiga və Agoro Carbon Alliance təşkilatı olub.
Konqresdə dünyanın 100-dən artıq ölkəsini və beynəlxalq elmi cəmiyyətləri təmsil edən mütəxəssislər, tədqiqatçılar, elm adamları və fermerlər iştirak edib.
Xəbər bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.
Tədbirdə Azərbaycanı KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov və Aqrar Elm və İnnovasiya Mərkəzinin Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Yaqub Quliyev təmsil edib.
Konqresdə resurs qoruyucu əkinçiliyin torpağın flora və faunasına, strukturuna, xüsusiyyətlərinə, ətraf mühitə, biki məhsuldarlığına və s. göstəricilərə təsiri barədə məruzəçilər tərəfindən çoxsaylı təqdimatlar edilib. Aparılmış uzunmüddətli tədqiqatların nəticələri barədə məlumat verilib.
Konfransda məruzəçi kimi İmran Cümşüdov “Adi və tirəyə əkin torpaqbecərmə üsullarının payızlıq buğda sortlarının inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edib.
Son illərdə dünyada, o cümlədən Avropada, xüsusilə Cənubi Amerika ölkələrində torpaq qoruyucu əkinçilik altında olan əkin sahələrinin ilbəil artdığı qeyd edilib.
Təqdimatlardan sonra təşkil edilən plenar müzakirələrdə iştirakçılar tərəfindən qaldırılan məsələlər və suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.