Press "Enter" to skip to content

Avropa İttifaqının missiyası Azərbaycandakı görüşlərdən məmnun qalıb

Son yeniləmə: 25 İyun 2021 17:39

Bayraqdar.info – İyunun 25-də Avropa İttifaqının üzv ölkələri – Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberg, Litvanın xarici işlər naziri Gabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Bogdan Aureskunun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Qonaqları Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. O, bu səfəri alqışladığını, Avropa İttifaqıyla Azərbaycan arasında münasibətlərin inkişafına önəm verildiyini deyib.

Prezident İ.Əliyev qonaqlara Ermənistanla münasibətlər haqqında da danışıb: “Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir”.

Prezident, bütün bunlara baxmayaraq Azərbaycanın Ermənistanla dinc yanaşı yaşamaqda maraqlı olduğunu deyib.

Qonaqlar da öz növbəsində Azərbaycanın müharibədən sonrakı dövrdə görəcəyi işlərin önəmini qeyd ediblər. Onlar bu səfərin həm də cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə Görüşünə hazırlıq məqsədi daşıdığını deyiblər.

Xəbəri Prezident Administrasiyası yayıb.

Avropalı qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ayrıca qəbul edib.

Bu qəbulda Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

Bu barədə məlumat bayraqdar.info-ya XİN-dən verilib.

Məlumatda qeyd edilib ki, tərəflər münaqişə sonrası bölgədə mövcud vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işləri barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən, humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb.
Ölkənin azad edilmiş ərazilərə BMT-nin müvafiq qurumlarının missiyalarını qəbul etməyə hazır olduğu qonaqların diqqətinə çatdırılıb.

Daha sonra UNESCO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlənildiyi bildirilib.

Tərəflər hazırki vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Avstriya xarici işlər naziri C.Bayramovla görüşü özünün sosial media hesabında “çox yaxşı və substantiv” adlandırıb.

B.Auresku isə Prezident İ.Əliyevlə görüş haqqında paylaşım edərək onu “məhsuldar” adlandırıb.

Mission News Theme by Compete Themes.