Son yeniləmə: 24 İyun 2021 22:06
Bayraqdar.info – Azərbaycan Alpaqut Federasiyasının 6-cı Respublika çempionatı 2021-ci il iyunun 20-də Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya Kompleksində keçirilib.
“Zəfər ruhu ilə Qarabağda!” devizi altında keçirilən çempionatda Respublikanın əlliyə yaxın filialından üç yüzə yaxın idmançı Alpaqutun AYCA, BATUR, CAYMAZ, QURŞAQ və KAÇUT növlərində yarışaraq öz güclərini sınayıblar.
Çempionatda 27 komandanın mübarizəsi sonunda AYCA növündə 1-ci yerə Ağdam, 2-ci yerə Bakının Nizami, 3-cü yerə isə Suraxanı komandası çıxıb.
CAYMAZ növündə 1-ci yerə Laçın, 2-ci yerə Abşeron, 3-cü yerə isə Tovuz komandası çıxıb.
BATUR növündə 1-ci yerə Laçın, 2-ci yerə Şəmkir, 3-cü yerə isə Ağdam idmançıları layiq görülüb.
QURŞAQ növü üzrə 1-ci yerə Şəki, 2-ci yerə Şəmkir, 3-cü yerə isə Laçın komandası layiq görülüb.
Çempionatın təntənəli açılışında Gənclər və İdman Nazirliyinin döyüş növləri üzrə kuratoru Firudin Paşayev, Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Həsənov, Beynəlxalq Turan Oyunları Komitəsinin sədri Fərid Əlizadə iştirak edib. Həmçinin, AAF-ın Prezidenti BAŞAD Qüdrət Nuriyev, vitse prezident Nuranə Şıxəliyeva və AAF-ın digər struktur üzvləri iştirak ediblər.
Alpaqut Döyüş Sənətinin qurucusu KUTSAN Vasif Namazov açılış çıxışında Qarabağ zəfərindən sonra azad olunmuş torpaqlarda ilk çempionat keçirən Alpaqutları salamlayıb. O, bu çempionatın Qarabağ torpağında ərsəyə gəlməsində Vətən müharibəsində öz canı və qanı bahasına zəfər qazanmış AAF-ın bir neçə şəhidi, yaralı və onlarla qazisini hörmətlə anıb. O, bundan sonra da istər idman, istərsə içtimai-mənəvi tədbirlərdə və lazım olarsa müharibədə belə Alpaqutların öncüllərdən olmasının vacib olduğunu vurgulayıb. V.Namazov “Zəfərin qəhrəmanları heç vaxt unudulmayacaq!” deyərək sözünü bitirib.