Press "Enter" to skip to content

ABŞ uyğur soyqırımına biganə qalmamağa çağırışını yenilədi

Bayraqdar.info – İyunun 24-də ABŞ Senatı Xarici əlaqələr komitəsi “Uyğur məcburi əməyindən müdafiə Aktı”nı təsdiqləyib.

Xəbəri bayraqdar.info-ya Vaşinqton mərkəzli Uyğur İnsan Haqları Layihəsindən (UHRP) veriblər.

Komitənin Aktı təsdiqlənməsini məmnuniyyətlə qarşılayan UHRP ümid etdiyini bildirib ki, sənəd həm Senatda, həm də Nümayəndələr Palatasında tam olaraq qəbul ediləcək. O da əlavə edilib ki, Palatanın Xarici işlər komitəsi bu sənədi cari ilin aprelində təsdiqləyib.

Akt tam olaraq qüvvəyə mindikdən sonra ABŞ Çinin uyğur bölgəsi – Doğu Türküstandan hər hansı idxalı “məcburi əmək məhsulu” kimi yasaqlayacaq. Əlbəttə, məcburi əməkdən istifadə etməyən istehsalçılar bunu sübut edəcək dəlilləri təqdim edəcəyi təqdirdə onlar üçün istisnalar olacaq.

UHRP bildirib ki, bu Akt uyğurlarla bağlı ABŞ-da qəbul edilməkdə olan ikinci qanundur. Birincisi 2020-ci ilin iyununda qəbul edilmişdi. “Uyğur insan haqları siyasəti Aktı” adlı sənəd dünyada qəbul edilmiş ilk belə qanundur.

Məsələylə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da açıqlama verib. Bayraqdar.info-ya Departamentdən daxil olan açıqlamada o, Çinin uyğurlara qarşı davam edən soyqırımına, eləcə də məcburi əməyə heç bir ölkənin biganə qalmamalı olduğunu deyib.

Mission News Theme by Compete Themes.