Son yeniləmə: 24 İyun 2021 16:03
Bayraqdar.info – “Azərişıq” ASC elektrik enerjisi istehlakçılarının keyfiyyətli və fasiləsiz enerji ilə təmin edilməsi, mövcud şəbəkələrin yenidən qurulması istiqamətində işlərini davam etdirir.
ASC-dən bayraqdar.info-ya bildirilib ki, Şimal Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kvt-lıq yarımstansiya tikilib. 7 ədəd 35/0,4 kvt-lıq komplekt transformator məntəqələri (KTM) quraşdırılıb və 3 ədəd 35 kvt-lıq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulub. Yeni tikilmiş və yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb.
Xəbərdə deyilir ki, bundan başqa, 124 km-dən artıq 35 kvt-lıq yeni hava elektrik veriliş xətti çəkilib, 445 ədəd müxtəlif güclü KTM quraşdırılıb. 1 min 534 km özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) tipli xətt çəkilib və abonentlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacı quraşdırılıb.
Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 meqavat olan yarımstansiya tikilir. Bu yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kvt-lıq hava elektrik veriliş xətləri çəkilir.
Xaçmaz şəhərinin 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhərinin M.Vəliyev küçəsində, Həmzə və Aladaş kəndlərində, Şabran rayonunun Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəlvələ kəndlərinin 10 və 0,4 kvt-lıq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.
Əlavə edək ki, şimal bölgəsində işıqların günün istənilən saatında kəsilməsi uzun müddətdir ki, adi hal alıb. Bu isə ümumilikdə bir çox işlərin axsaması, özəlliklə də onlayn fəaliyyətlə məşğul olanların problemlə üzləşməsi deməkdir. Belə anlaşılır ki, işıqların bəzən kəsilməsi bu yeniləmə işlərilə bağlıdır. Lakin bir şey anlaşılmır ki, yeniləmə niyə belə uzun müddət davam etməlidir? Örnək üçün, bayraqdar.info-nun redaksiyası yerləşən Dədəli kəndində (Xaçmaz) bəzən bir gündə bir neçə dəfə işıq sönür. Hətta saatlarla işıq verilmədiyi vaxtlar da olur. Bunun hansısa ağlabatan izahını isə hələ ki, eşidən olmayıb…
Redaktə və əlavə: Azər Həsrət