Bayraqdar.info – İyunun 23-də Azərbaycan Mətbuat Şurasında 44 günlük Vətən savaşında qələmi süngüyə dəyişərək döyüşmüş media təmsilçilərilə görüş keçirilib. Görüşün təşəbbüsçüsü MŞ olub.
MŞ-dan bayraqdar.info-ya daxil olan xəbərə görə, görüş 26 İyun Silahlı Qüvvələr Gününə həsr edilib.
MŞ sədri Əflatun Amaşov 44 günlük Vətən müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığının dillərə dastan olduğunu deyib: “Biz media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən müharibəsi iştirakçısına çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. İstədik ki, 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə sizləri bir araya toplayaq, əməyinizi xatırlayaq. Unutmayın ki, keçdiyiniz şərəfli ömür yolu böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz”.
Ə.Amaşov onu da əlavə edib ki, müharibə günlərində MŞ İdarə Heyətinin bəzi üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmasda olub.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə bildirib ki, savaş günlərində qələmini süngüyə dəyişmiş jurnalistlər son dərəcə böyük peşəkarlıq göstəriblər. Onlar konkret olaraq hərbiçi funksiyasını yerinə yetiriblər. Halbuki Ermənistan tərəfdə mövcud istiqamətdə manipulyasiyalar var idi. Ermənilər çalışırdılar ki, döyüşlərə qatılmış jurnalistləri ən qaynar nöqtələrə aparsınlar və orada onların üzləşəcəyi hər hansı durumu Azərbaycan tərəfinin jurnalistikaya təzyiqi kimi qiymətləndirsinlər.
“MŞ bu sayaq məsələlərlə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanladı. Onların diqqətini bu faktlara yönəltdi”, – deyə M.Ələsgərli əlavə edib.
Görüşdə çıxış edən jurnalistlər – Taleh Şahsuvarlı, Mahal Məmmədov, Nahid Salayev, Emin Piri, Nəsimi Şərəfxanlı, Rza Bəbirov və başqaları MŞ-nın saytında Vətən müharibəsində döyüşmüş jurnalistlərlə bağlı bölmənin yaradılmasını, onlarla əlaqədar bilgilərin sistemləşdirilməsini təklif ediblər.
Görüşdə müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb, həmçinin cəbhədə döyüşmüş jurnalistlərə MŞ-nın “Qələmdən süngüyə” mükafatı təqdim edilib.