Press "Enter" to skip to content

“Mədəniyyət naminə sülh” qlobal kampaniyası təqdim edilib

Bayraqdar.info – İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və tanınmışlar iştirak edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, üç hissədən ibarət tədbirdə layihə haqqında məlumat verilib. Beynəlxalq təşkilatların rəhbərlərinin videomüraciəti təqdim olunub və sonda tədbir nazir A.Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi M.A.Moratinosun iştirakı ilə panel müzakirələrlə davam edib.

Nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə keçən tədbirdə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının məqsədi, hədəfləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Məlumatda bildirilir ki, o, kampaniyanın əsas məqsədindən danışıb. Bildirib ki, tədbirin məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımının dünyaya çatdırılmasıdır.

Sonra Böyük Britaniyanın Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu İdarə Heyətinin sədri, professor Mayk Hardi və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciətləri dinlənilib.

Nazir A.Kərimov daha sonra bildirib: ““Mədəniyyət naminə sülh” kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq QHT-lərin, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi M.A.Moratinos tədbirin əhəmiyyətindən danışıb: “Bu gün mənim üçün həm də xüsusi gündür. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident İlham Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Azərbaycanın dövlət başçısı ilə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, Azərbaycan xalqı üçün yeni səhifə – gələcək qarşıdadır”.

Tədbirin sonunda diplomatik korpus və media nümayəndələrini, habelə digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təqdimatın sonunda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə təqdimat iştirakçılarına təşəkkür edib.

Mission News Theme by Compete Themes.