Press "Enter" to skip to content

Ceyhun Bayramov Səudiyyə Ərəbistanında görüşlərini davam etdirir

Bayraqdar.info – İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

Məlumat bayraqdar.info-ya XİN-in Mətbuat Xidmətindən verilib.

Məlumatda deyilir ki, görüş zamanı tərəflər bölgədəki vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

C.Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri barədə məlumat verib.

Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını vurğulayıb. Bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

C.Bayramov Şuraya üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında Azərbaycanın maraqlı olduğunu qeyd edib.

Məlumatda bildirilir ki, Baş katib Azərbaycanın haqlı mövqeyinin Şura tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə fəaliyyət planının işlənib hazırlanması, habelə, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.