Bayraqdar.info – İyunun 22-də BMT-nin İnsan Haqları Şurasında Kanadanın təmsilçisi Lesli Norton Çinin Sintzyan (Doğu Türküstan) bölgəsində insan haqlarının durumuna aid birgə bəyanat təqdim edib.
Bəyanat 40-dan artıq ölkənin adından səsləndirilib.
Bəyanat müəllifləri uyğur bölgəsində insan haqlarının durumuyla bağlı ciddi rahatsız olduqlarını bildirib. Onlar etibarlı mənbələrdən əldə edilən bilgilərə əsaslanaraq bir milyondan artıq uyğurun həbsdə saxlanıldığını qeyd ediblər. Eyni zamanda uyğurların və digər azlıqların daimi izləməyə məruz qaldığı bəyanatda qeyd edilir.
İşgəncə, insanlıq dışı münasibət, aşağılama, məcburi qısırlaşdırma, cinsi zorakılıq, uşaqların zorla ailələrindən ayrılması kimi hallar da bəyanatda vurğulanıb.
Bəyanat müəllifləri uyğurların dini azadlıqlarına qarşı basqılardan da rahatsızlıq ifadə edib.
“Biz Çinin, insan hüquqları üzrə ali komissar da daxil olmaqla müstəqil müşahidəçilər üçün dərhal və müdaxiləsiz bir şəkildə bölgəyə giriş təmin etməsini tələb edirik”, – deyə bəyanatda bildirilir.
Bəyanat müəllifləri Hong Kong və Tibetdə də eyni qaydada insan hüquqlarının pozulmasından rahatsızlıq ifadə edib.
Bəyanatın həmmüəllifləri: Albaniya, Avstraliya, Avstriya, Belçika, Beliz, Bosniya və Hersegovina, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Finlandiya, Almaniya, Haiti, Honduras, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Lixtenştayn, Litva, Lüksemburg, Marşal Adaları, Monako, Niderland, Yeni Zelandiya, Norveç, Palau, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna, ABŞ.
Göründüyü kimi, Albaniya ilə Bosniya və Hersegovinanı nəzərə almasaq, bəyanat müəllifləri arasında heç bir ənənəvi müsəlman ölkəsi gözə dəymir. Eyni zamanda heç bir türk dövləti də zalım Çinin uyğur qardaşlarımıza qarşı zülmünə qarşı səsini çıxarmır…