Bayraqdar.info – İyunun 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri başlayıb. Nazir bu ölkənin İnvestisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb.
Xəbər iyunun 24-də bayraqdar.info-ya XİN-dən verilib.
Xəbərdə bildirilir ki, Səudiyyəli nazir ölkəmizə səfərlərini, dövlətimizin başçısı İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.
C.Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışıb. O, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasının vacibliyini qeyd edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıqdan danışan C.Bayramov qeyd olunan sahədə pandemiyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.
Xəbərdə deyilir ki, Xalid Əl-Falih Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdırıb. O, ölkəmizin turizm imkanlarına toxunaraq hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edib. Sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səudiyyəli nazir ölkəsindəki şirkətlərin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu bildirib. O, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edib, həmçinin Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkili fikrini irəli sürüb.