Press "Enter" to skip to content

Azərbaycan yardım alan dövlətdən yardım edən dövlətə çevrilib

Bayraqdar.info – Azərbaycanın xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımlar barədə hesabat dərc edilib. Hesabat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində yer alıb.

Bu barədə məlumat iyunun 24-də bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilib.

Hesabatda aparılmış uğurlu siyasət nəticəsində Azərbaycanın yardım alan dövlətdən yardım edən donora çevrildiyi bildirilib. Beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Azərbaycan XİN nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis olunduğu vurğulanıb.

Hesabatda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi qeyd olunur.

Həmçinin AIDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu da göstərilib.Təcrübə mübadiləsi, təhsil, səhiyyə, sosial müdafiə, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması sahələrində inkişaf etməkdə olan ölkələrdə təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Hesabatda Azərbaycan tərəfindən göstərilmiş yardımların sektorlar üzrə bölgüsü və statistikası əks olunur.

XİN qeyd edir ki, 1961-ci ildə fəaliyyətə başlamış nüfuzlu beynəlxalq təşkilat olan, 40 donor dövləti öz ətrafında birləşdirən OECD dünyada həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən təşəbbüs və proqramları təbliğ edir.

OECD-nin vacib komitələrindən biri olan DAC isə əsasən donor dövlət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması istiqamətində fəaliyyət göstərir. Azərbaycan sözügedən komitədə 2019-cu ildən etibarən iştirakçı statusu ilə təmsil olunur.

Mission News Theme by Compete Themes.