Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Xəlil Rza Ulutürkün yaradıcılığına həsr edilmiş qısa virtual sərgi hazırlayıb.
Bu barədə xəbər iyunun 23-də bayraqdar.info-ya BŞMBİ-dən verilib.
“Azərbaycançılıq məfkurəsinə, xalqına bütün qəlbi, ictimai şüuru ilə bağlı olan şairin bağrından qopan misraları bir cəngavərin azadlığa səsləyən marşına bənzəyib. O, qəlbi vətən və xalq üçün çağlayan bir vətəndaş kimi, hələ gəncliyindən ölkəsini azad, müstəqil görmək istəyib.
“Vaxtilə Xalq Cümhuriyyətinin yüksəltdiyi bayrağın endirilməsi ilə heç vəchlə barışmayıb, onun yenidən yüksələrək başımızın üstündə dalğalanmasını görmək arzusu ilə yaşayıb, səsinin-sözünün gücü, qüdrətilə mübarizə aparıb. Şair bilirdi ki, bu mübarizənin təməlində onun milli varlığının, kimliyinin ifadəsi olan ana dilinin qorunması, yaşadılması qayğıları dayanır.
“Xəlil Rza poeziyasının səciyyəvi cəhətlərindən biri onun şeirlərinin təsirli, yanıqlı olması, daxili həyəcan və təlatümləri dilləndirməsidir. Həyatın acı həqiqətlərini, ziddiyyətlərini şeirinə gətirərək münasibət bildirən Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Lirik qəhrəmanı inadkar və sarsılmaz, cəsur və mübariz olan şair həyat və sənətdəki ideya movqeyini dürüst seçib, öz poetik istedadına güvənərək bu məfkurə uğrunda mübarizənin önündə gedib. Odur ki, bir çox, xüsusilə də ömrünün son illərindəki şeirləri Azərbaycan xalqını böyük ideallar uğrunda səfərbər etmək məqsədi daşıdığından publisistik ruhlu, ciddi ictimai-siyasi pafosa malik əsərlər olub”, – deyə xəbərdə bildirilir.
Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq “Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” və bu kimi bir çox başqa şeirlərin adlarını qeyd etmək olar. Sevimli Vətənin istiqlaliyyəti uğrunda usanmaz mübarizə aparmış Xalq şairi X.R.Ulutürkün bu kimi şeirlərinin mərkəzində xalqımızın faciəli taleyi, tarix boyunca əzablardan keçən iztirablı həyat yolu dayanır. Müəllif hər bir Azərbaycan vətəndaşını ayıq-sayıq olmağa, çətinliklərdən qorxmayaraq düşmənə sinə gərməyə çağırır. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüdrətli sənətkarı olan Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır.