Son yeniləmə: 23 İyun 2021 14:46
Bayraqdar.info – İyunun 22-də Təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.
İlk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, onun maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib.
Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, Təhsil naziri BANM-da yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub, tədris otaqlarına, tədqiqat laboratoriyalarına baxış keçirib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib.
Daha sonra Emin Əmrullayev BANM-ın tələbə, professor-müəllim heyəti ilə görüşüb.
O, BANM-da yaradılan tədris mühitindən məmnunluğunu ifadə edib. Nazir bildirib ki, illərdir bu təhsil müəssisəsi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. “Təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb savadlı, bacarıqlı olmaq üçün hər bir şərait yaradılıb”, – deyə o, bildirib.
Tələbələrə savad, biliklə yanaşı bacarıqların da aşılanmasının tərəfdarı olduğunu diqqətə çatdıran Təhsil naziri yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün BANM-da yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb.
Rektor E.Qasımov da öz növbəsində rəhbərlik etdiyi təhsil müəssisəsinin yüksək ixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını bundan sonra da uğurla davam etdirəcəyini qeyd edib.
Daha sonra E.Əmrullayev distant təhsil, əlavə ixtisas dərslərinin alınması, tələbə və şagirdlərin biliyinin qiymətləndirilməsi metodologiyası, buraxılış, qəbul, semestr imtahanları və digər mövzularda sualları cavablandırıb.
Sonda nazirə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.
Əlavə edək ki, nazir E.Əmrullayev BANM-la bağlı məmnunluğunu özünün sosial media paylaşımlarında da qeyd edib.
İyunun 22-də Bakı Ali Neft Məktəbində qonaq oldum. Təhsil ocağının kampusu ilə tanışlıqdan sonra müəllim və tələbələrlə faydalı fikir mübadiləsi etdik. pic.twitter.com/x4bD2jrqXX
— Emin Amrullayev (@EminAmrullayev) June 23, 2021