Press "Enter" to skip to content

“Poeziyamızın Nigarı” doğum günündə virtuallaşdırıldı

Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı “Poeziyamızın Nigarı” adlı videoçarx hazırlayıb. Videoçarx Xalq şairi Nigar Rəfibəylinin doğum günü münasibətilə ərsəyə gətirilib.

İdarədən bayraqdar.info-ya bildirilib ki, kitabxananın sosial hesablarında izləyicilərə təqdim edilən videomaterialda mövzu ilə bağlı ətraflı məlumat verilib.

Məlumatda qeyd edilib ki, N.Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. O, Bakı Pedaqoji Texnikumunu bitirib. Sonra Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında senari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.

N.Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir.

Videoçarxda diqqətə çatdırılıb ki, N.Rəfibəyli M.Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, F.Şillerin “Məkr və məhəbbət”, A.Çexovun “Vanya dayı”, “Albalı bağı” dramlarını tərcümə edib.

Bundan başqa o, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Ə.Nəvai, A.Puşkin, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini də tərcümə edib.

Onun özünün əsərləri xarici dillərə tərcümə olunub.

N.Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri xiyabandadır.

Mission News Theme by Compete Themes.