Bayraqdar.info – AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) II Dünya müharibəsi illərinə dair hərbi hissələrin Xəzər dənizi yolu ilə cəbhəyə daşınmasını əks etdirən fotoneqativ qorunur.
Bu barədə bayraqdar.info-ya Muzeydən məlumat verilib.
Bildirilib ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum edib. Bununla da Sovet xalqları, o cümlədən Azərbaycan SSR II Dünya müharibəsinə qatılıb.
Məlumatda deyilir ki, 1941-1945-ci illərdə müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər döyüşlərdə cəsarətlə vuruşub, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin alınmasında fəal iştirak ediblər.
Azərbaycan SSR ərazisində 87 batalyon, 1 min 123 özünümüdafiə, 5 piyada dəstəsi yaradılıb. Qızıl Ordunun 8 diviziyasının əsas hissəsini azərbaycanlılar təşkil edib.
II Dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Muzeydə qorunan bu fotoneqativ Azərbaycan xalqının II Dünya müharibəsi dövründəki fəaliyyətini əks etdirmək baxımından əhəmiyyətlidir.