АZƏRTAC – Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Deyərdim ki, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın ən yaxşı nümunəsini məhz Azərbaycan və Türkiyə yaradıb. Əlaqələr mədəni-humanitar, iqtisadi sahədə fəaliyyətin genişləndirilməsindən tutmuş hərbi sahədəki əməkdaşlığa qədər müttəfiqlik münasibətlərini əhatə edir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və hərbi dəstək Azərbaycanın öz torpaqlarını azad etməsi istiqamətində mühüm və həlledici amildir.
Bu fikirləri AZƏRTAC-ın müxbirinə açıqlamasında “Qırğız El” Partiyasının rəhbəri, “Manas Ordo” Fondunun sədri Anarbek Usupbayev deyib.
A.Usupbayev bildirib ki, Vətən müharibəsindəki uğur təkcə 28 ildən sonra öz torpaqlarını azad edən Azərbaycanın deyil, həm də Türkiyənin, türk dövlətlərinin və ədalətin qələbəsidir.
O deyib ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Bakıya, iyunun 15-də isə Ermənistanın işğalından azad edilmiş qədim Şuşa şəhərinə səfəri, orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması Ermənistana və onların havadarlarına mesaj oldu.
A.Usupbayev söyləyib: “Şuşa Bəyannaməsi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm bir addımdır. Mənim Qars müqaviləsindən xəbərim var və bu Bəyannamə həm də Qars müqaviləsinin davamı olan tarixi bir sənəddir. Bəyannamə həm də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunması istiqamətində böyük əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat-kommunikasiya dəhlizlərindən kənarda qoyub. Belə ki, Zəngəzur dəhlizinin açılması təkcə Ermənistana və Azərbaycana deyil, həmçinin Türkiyə, İran, Rusiya və digər ölkələrin iqtisadiyyatına güclü təsir göstərəcək, Şərqlə Qərbi birləşdirəcək çox mühüm dəhliz olacaq. Bu dəhlizdən isə iqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistan daha çox qazanacaq”.
Qırğız siyasətçi qeyd edib ki, iyunun 20-də Ermənistanda keçirilmiş parlament seçkilərində Nikol Paşinyan qalib gəlib. Heç olmasa, indi dərindən düşünmək və fəaliyyətə keçmək lazımdır.
Qulu Kəngərli, AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek