Bayraqdar.info – Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Məşhur festivalın 45-ci buraxılışı 14-19 iyun, 2021-ci il tarixlərində keçirilib.
Xəbər bayraqdar.info-ya iyunun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən verilib.
Bildirilir ki, animasiya kinosunun “Oskar”ı sayılan Annecy festivalında Azərbaycanı Animafilmin direktoru Rəşid Ağamalıyev, 3-cü Animafilm Festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil edib.
F.Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötən ilki festivalın “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və ABAFF olub.
“Bu, tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz Annecy Festivalında müsabiqə proqramında iştirak edib. D.Səfərovanın “Fainanın sirri” Annecy-nin “Perspectives” müsabiqə proqramında yarışıb. Onu da qeyd edim ki, bu festival artıq ikinci dəfədir ki, Annecy-nin MIFA animasiya bazarında təmsil olunub. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək”, – bu sözləri ABAFF-nınn direktoru R.Ağamalıyev söyləyib.
İdarədən xatırladılır ki, 2021-ci ildə bu festival Fransanın Azərbaycandakı səfirliyi və IFA-nın tərəfdaşlığı və ABAFF-ın dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada festivalın qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.
IV ABAFF 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Bu ilki festivalın mövzusu “Əlillik” olacaq.