Press "Enter" to skip to content

Özbək həmkarlardan şəhid jurnalistlərlə bağlı başsağlığı

Bayraqdar.info – Özbəkistan Jurnalistlərinin Yaradıcılıq Birliyi Kəlbəcərdə həlak olmuş Azərbaycan jurnalistləri ilə bağlı başsağlığı verib.

ÖJYB Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş media təmsilçiləri – AzərTAC-ın müxbiri Məhərrəm İbrahimov və Az.TV-nin operatoru Sirac Abışovla bağlı Azərbaycan Mətbuat Şurasına başsağlığı məktubu göndərib.

MŞ-dan bayraqdar.info-ya daxil olan məktubda deyilir: “Biz – Özbəkistan jurnalistləri azərbaycanlı həmkarlarımızın xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycanın Kəlbəcər rayonunda tank əleyhinə mina partlayışı nəticəsində həyatlarını itirmələrini ağrı ilə qarşıladıq. Dünyanın bir sıra jurnalist təşkilatları kimi, jurnalistlərin və digər dinc sakinlərin ölümündə günahkar olanları qətiyyətlə pisləyirik”.

MŞ sədri Əflatun Amaşovla yanaşı, AzərTAc-ın baş direktoru Aslan Aslanova və Az.TV-nin sədri Rövşən Məmmədova ünvanlanmış məktubda bildirilib ki, media təmsilçiləri həm döyüş bölgələrində, həm də hərbi əməliyyatların başa çatdığı ərazilərdə işləyə bilərlər. Bu, dünya ictimaiyyətinin müharibənin və onun nəticələrini görmələri üçün vacibdir.

“Özbəkistan jurnalistləri, ölkəmizin sakinləri adından həlak olanların ailələrinə, qələm dostlarına, eyni zamanda dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə məktubda vurğulanıb.

Mission News Theme by Compete Themes.