Press "Enter" to skip to content

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir

Milli Məclis

Bayraqdar.info – İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir.

Milli Məclisdən xəbər verilir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Əlilliyi olan şəxslərin hüquqları, əmək pensiyaları, Əmək, Mülki, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası, Mənzil, Miqrasiya, İnzibati Xətalar və Torpaq Məcəllələrində dəyişiklik edilməsi gözlənilir.

Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş vətəndaşların statusu və sosial müdafiəsi, yoluxucu xəstəliklərin immunoprofilaktikası, narkoloji xidmət və nəzarət, sağlamlıq imkanları məhdud şəxslərin təhsili, şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında qanunlarda dəyişiklik ediləcək.

Qan komponentlərinin donorluğu və qan xidməti, hemofiliya və talassemiya, irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunlara da baxılacaq. Ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər, onkoloji yardım, sosial xidmət, mədəniyyət, uşaqların icbari dispanserizasiyası, məktəbəqədər təhsil, məşğulluq və peşə təhsili haqqında qanunlarda da dəyişiklik ediləcək.

Xəbərdə deyilir ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər, sosial sığorta, polis, dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında qanunlara baxılacaq.

Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası, sığorta fəaliyyəti, qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında da qanunlar nəzərdən keçiriləcək.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası və həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda qəbul ediləcək.

Yaşayış yeri üzrə qeydiyyat, MM deputatının statusu, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası, məhkəmələr və hakimlər, əhalinin sağlamlığının qorunması haqqında qanunlara da iyunun 22-də baxılacaq.

Hərbi xidmətkeçmə, uşaq hüquqları, yol hərəkəti, cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunlar da müzakirə edilir.

Mission News Theme by Compete Themes.