Press "Enter" to skip to content

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb

Bayraqdar.info – Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, iyunun 22-də Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

Təlimlərin işıqlandırılması üçün Azərbaycan jurnalistlərindən ibarət qrupun Hərbi Dəniz Qüvvələrinə mediaturu təşkil olunub.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin məqsədi Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturunun mühafizəsidir. Həmçinin, HDQ-i birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması nəzərdə tutulur.

İki mərhələdə keçirilən təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdiriləcək.

Qeyd edilir ki, təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq. Onlar düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcək.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin ölkəmizə məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi nəzərdə tutulub.

Təlimlər iyunun 23-dək davam edəcək.

Mission News Theme by Compete Themes.