Son yeniləmə: 22 İyun 2021 17:27
Bayraqdar.info – İyunun 22-də Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xəbər bayraqdar.info-ya XİN-in Mətbuat xidmətindən verilib.
Xəbərdə bildirilir ki, nazir C.Bayramov Q.İshaqzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT və Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib.
Rezident əlaqələndirici Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkür edib, əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. O, Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalandığını məmnunluqla qeyd edib.
Tərəflər Azərbaycan və BMT-nin qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə edib.
Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm UNESCO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının missiyasını bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlənildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
C.Bayramov Q.İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.