Press "Enter" to skip to content

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ən strateji sənəddir – ÖZƏL

Hulusi Kılıç: Yüz il öncə imzalanmış Qars müqaviləsi Naxçıvanın təhlükısizliyini təmin edirdisə, Şuşa Bəyannaməsi də bütün Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Bayraqdar.info – “Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqalərini düzənləyən tarixi bir sənəddir. Mən birmənalı olaraq deyərdim ki, Şuşa Bəyannaməsi bu günə qədər Azərbaycanla Türkiyə arasında imzalanmış ən önəmli və strateji sənəddir.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

“Mən öncə vurğulamaq istəyirəm ki, ümumilkdə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Şuşaya səfəri tarixi əhəmiyyət kəsb edir. Çünki Türkiyə dövlətindən Qarabağa səfər edən ilk Cümhurbaşqanı məhz Recep Tayyip Erdoğan oldu”, – deyə diplomat qeyd edib.

Keçmiş səfir bildirib ki, ümumilikdə Şuşa Bəyannaməsi bir çox məqamlarına görə, tarixi və siyasi əhəmiyyətə malikdir: “Əvvəla qeyd edim ki, bu müqavilə Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümünə təsadüf edir. Bəyannamədə ulu öndərlər Mustafa Kemal Atatürkün və Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət – iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi xüsusi vurğulanır. Bu, Azərbaycanla Türkiyənin bu gün də iki ümummilli liderin qoyduğu yol ilə inamla irəlilədiyini bir daha təsdiqləyir. İkinci vacib məqam ondan ibarətdir ki, tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklərini bəyan edirlər. Yəni, bununla Türkiyə və Azərbaycanın sülh və sabitlik tərəfdarı, həmçinin regionun inkişafı naminə birgə addımlar atmağa hazır olduğu bəyan edilir. Üçüncüsü, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların atılacağı bəyan edilir”.

H.Kılıçın sözlərinə görə, dördüncü məqam Zəngəzur dəhlizinin açılması məsələsilə bağlıdır: “Çünki bu, təkcə iki ölkə üçün deyil, ümumilikdə region üçün çox vacibdir. 10 noyabr razılaşmasında da yer alan proses nəticəsində Azərycanla Türkiyə coğrafi baxımdan yaxınlaşacaq, türk dünyası arasında əlaqələr möhkəmlənəcək. Dəhlizin gec-tez açılacağına inanıram. Dediyim kimi, bu, regionun inkişafına xidmət edir”.

Keçmiş səfir deyib ki, bu kontekstdə Şuşa Bəyannaməsinin ən önəmli və strateji məqamı hərbi əməkdaşlıqla bağlıdır: “Əvvəla bu, iki ölkənin təhlükəsizliyini təmin edilməsinə hesablanıb. Yəni ölkələrdən birinə hərbi təcavüz olduğu halda digəri onun yardımına gedəcək. Mən bu məqamda bir məsələni bildirmək istəyirəm. Yüz il öncə imzalanan Qars müqaviləsi Naxçıvanın təhlükısizliyini təmin etdirdisə, Şuşa Bəyannaməsi də bütün Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, Şuşa Bəyannaməsi hər hansı ölkəyə qarşı deyil. Türkiyə-Azərbaycan qardaşlığının sübutu olan bu Bəyannamə regionumuza sabitlik və tərəqqi vəd edir”.

Mission News Theme by Compete Themes.