Press "Enter" to skip to content

Jurnalistlər “Yay məktəbi”ndə gedən prosesləri izləyib

Bayraqdar.info – İyunun 21-də Sumqayıt şəhər 9 və 25 nömrəli tam orta məktəblərinə “Yay məktəb”i çərçivəsində mediatur təşkil edilib.

Mediaturun təşkilində məqsəd media nümayəndələrini bu ildən ümumi təhsil müəssisələrində təşkil edilən “Yay məktəbi” çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, mediatur iştirakçıları hər iki “Yay məktəbi”ndə yaradılmış şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.

“Yay məktəbi” çərçivəsində şagirdlərlə keçirilən ustad dərsləri də izlənilib. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak edib.

M.Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışıb, uğur sirrini onlarla bölüşüb. T.Səməd isə öz növbəsində maliyyə savadlılığından söz açıb, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini bölüşüb.

Daha sonra şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bildirilir ki, mediatur iştirakçılarına məlumat verilib ki, “Yay məktəbi”ndə 1-4-cü siniflərdə tədris həftədə 5 dəfə, gündəlik 4 saat olmaqla, 5-10-cu siniflərdə isə həftədə 5 dəfə, gündəlik 3-4 saat olmaqla təşkil olunur.

“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.

Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.