Bayraqdar.info – Səhərə doğru Ermənistandakı seçkilərin sonucları dəqiqləşməyə başladı. Artıq əldə olan bilgilərə görə, iyunun 20-də keçirilmiş parlament seçkilərinin əsas qalibləri bəllidir. Ermənistandakı mənbələrin, eləcə də müstəqil mərkəzlərin Ermənistan seçki rəsmilərinə istinadla yaydığı məlumata görə, hazırkı Baş nazir Nikol Paşinyanın tərəfdarları səslərin mütləq əksəriyyətini alıb.
Məlumatlarda deyilir ki, 2 min 8 seçki məntəqəsinin hamısında səslər sayılıb. Yəni səslərin sayılması 100 faiz yerinə yetirlib. Bu isə o deməkdir ki, əldə olan nəticələr bundan sonra dəyişməyəcək. Yaxud da hansısa pozuntu sübut olunarsa, dəyişiklik çox cüzi olacaq.
Beləliklə, siyasi liderlərin rəhbərlik etdiyi seçki bloklarının (partiyaların) qazandığı səslər müvafiq olaraq aşağıdakı kimidir:
Nikol Paşinyan – 53.92%
Robert Köçəryan – 21.04%
Serj Sargsyan – 5.23%
Gagik Tsarukyan – 3.96%
Bu rəqəmlər onu deməyə əsas verir ki, Ermənistan seçiciləri Qarabağ məsələsini birdəfəlik qapatmaq, Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərini normallaşdırmaq və Rusiya ilə üzülüşmək yolunu seçmişlər.
Belə bir durum Azərbaycan və Türkiyə üçün də ən uyğunudur. Çünki Rusiyanın açıq-açığına uzantısı olan keçmiş prezidentlər R.Köçəryan və ya S.Sargsyan qalib gəlmiş olsaydı Quzey qonşumuzun Ermənistanda imkanları yenidən güclənəcək və Qarabağda münaqişənin süni şəkildə qızışdırılması üçün hərəkətlər ediləcəkdi. İndiki halda isə artıq bu, baş verməyəcək. Çünki Rusiya nə qədər istəsə də Ermənistanda yenidən baş nazir olacaq N.Paşinyan sələfləri kimi o tələyə düşməyəcək.
Ümumilikdə götürəndə, Ermənistandakı bu seçkilərin belə sonucları Güney Qafqaz da daxil olmaqla bütövlükdə bölgəmiz üçün yeni və daha əlverişli perspektiv vəd edir.
Əlbəttə, qarşıdakı günlərdə nəticələrin rəsmən təsdiq edilməsi və N.Paşinyanın yenindən baş nazir seçilməsi də var ki, bundan sonra təkrar mövzuya qayıdacağıq.