Bayraqdar.info – İyunun 21-dən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayır.
İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.
Xəbəri bayraqdar.info-ya Təhsil Nazirliyinin Mətbuat Xidməti verib.
“Pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə keçiriləcək. İmtahanlar S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək”, – deyə xəbərdə bildirilir.
Qeyd edilir ki, hər günün sonunda Təhsil Nazirliyinin rəsmi internet saytındakı müvafiq bölmədə həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan olunacaq. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.
Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.