Bayraqdar.info – İyunun 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsində inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. Həmçininin, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları da keçirilib.
Bu məlumatı bayraqdar.info-ya Mərkəzin Mətbuat Xidmətindən veriblər.
Məlumatda deyilir ki, pandemiya şərtlərinə sasən, iştirakçıların imtahan binasına yalnız tibbi maska ilə daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
İmtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.
İmtahana gələnlərin bədən hərarəti yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Rezidenturaya qəbul imtahanında bir nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan Təcili Tibbi Yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Məlumatda bildirilir ki, iyunun 21-də DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Dövlət qulluğuna və rezidenturaya qəbul imtahanlarının nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri yazı bloku üzrə esselərin yoxlanılması başa çatdıqdan sonra bir həftə ərzində elan ediləcək.