Bayraqdar.info – Azərbaycanın yəhudi icmaları iyunun 15-də Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanmış Şuşa Bəyannaməsinə tam dəstək ifadə edib. Bu barədə xəbəri iyunun 21-də Gürcü Yəhudiləri Bakı Dini İcmasının rəhbəri Zamir İsayev yayıb.
Bununla bağlı qəbul edilmiş ortaq sənəddə deyilir: “Biz – Azərbaycan yəhudiləri, əsrlər boyu bu ölkədə sülh, əmin-amanlıq, rifah şəraitində yaşamışıq və Azərbaycanı öz doğma vətənimiz hesab edirik. Bunun bariz nümunəsi kimi bizim də övladlarımızın 44 günlük Vətən müharibəsində, o cümlədən əziz Şuşa şəhərinin azad olunmasında yaxından iştirak etməklə öz vətənləri qarşısında oğulluq borclarını yerinə yetirmişlər.
“Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi əhəmiyyət kəsb edir, iki dost və qardaş ölkə arasındakı münasibətləri strateji cəhətdən ən yüksək zirvəyə çatdırır. Şuşa Bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir və tərəfimizdən dəstəklənir.
Eyni zamanda, Cənubi Qafqaz bölgəsində iqtisadi əlaqələrə və ümumilikdə daha geniş miqyasda iqtisadi inteqrasiyaya böyük töhfə verəcək Zəngəzur dəhlizinin açılmasını alqışlayırıq.
Biz – Azərbaycan yəhudiləri Azərbaycanın əzəli mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyətini bir daha vurğulayır və bu müttəfiqlikdə Azərbaycan dövlətinin yanında olduğumuzu bəyan edirik”.
Sənədi Z.İsayevlə birlikdə Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovski imzalayıb.