Bayraqdar.info – İyunun 17-də Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.
Bu barədə bayraqdar.info-ya XİN-dən bildirilib.
Məsləhətləşmələrdə ölkəmizi Xarici İşlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov təmsil edib. Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Petrakov təmsil edib. O, eyni zamanda Rusiya Prezidentinin MDB üzv dövlətləri ilə Rusiyanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsidir.
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tətbiqi ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib. Eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.
Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əlavə edək ki, XİN bu görüşlə bağlı görüntü təqdim etməyib.