Bayraqdar.info – “Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Şuşa ziyarəti və bu səfər çərçivəsində imzalanan Şuşa Bəyannaməsini Türk Dünyası münasibətləri kontekstində çox mənalı və faydalı hesab etdiyimi bildirmək istəyirəm.”
Bu fikirlər TürkSOY-un Baş katibi Düsen Kaseyinovun iyunun 18-də yayılmış bəyanatında öz əksini tapıb.
Baş katib bildiirb ki, TürkSOY-un çətiri altında hazırkı iş birliyi sayəsində bu illər ərzində mədəniyyət sahəsində böyük nailiyyətlər əldə edilib: “Bu qazancları artıracaq və bizim üçün bir yol xəritəsi yaradacaq bir addım olaraq hər zaman ölkələrimiz arasındakı ikitərəfli münasibətləri dərinləşdirmək istəyirik”.
Baş katib Türkiyə Cümhurbaşqanı R.T.Erdoğanın Azərbaycan parlamentindəki çıxışına, Şuşa şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan etmək istəyinə də toxunub. O, qeyd edib ki, buna Azərbaycan parlamentinin coşqulu reaksiya verməsi 2010-cu ildə başladılan Türk Dünyası Mədəniyyət Paytaxtı layihəsinin uğurundan xəbər verir: “Bu mövzuda TürkSOY Daimi Şurasına üzv ölkələrin nazirlikləri ilə birlikdə lazımi işləri dərhal başlatmaqdan məmnun qalacağıq”.
“Erməni işğalından azad olan Şuşanın ortaq mədəniyyətimizdən alacağı güclə yenidən ucalması üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik”, – deyə bəyanatda qeyd olunub.