Press "Enter" to skip to content

Tehran rejimi Güneyli siyasi məhbuslara basqıları davam etdirir

Bayraqdar.info – Tehran şəhərinin Evin həbsxanasının 4-cü və 8-ci bölmələrində saxlanılan 3 türk siyasi məhbus həbsxananın ETTELAAT bölməsinə köçürülüb.

İyunun 16-da Siyamək Mirzayi, Tohid Əmir Əmini və Kiyanuş Aslani bir neçə gün öncə Ərdəbil həbsxanasında aclıq aksiyasına əl atan siyasi Məhbus Abbas Lisaniyə dəstək verdikləri üçün bir neçə saat sorğu-sual ediliblər.

Qeyd edək ki, Abbas Lisani, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq iyun ayının 12-dən aclıq aksiyasına başlamışdı.

Onunla həmrəyliyini bildirmək üçün eyni tarixdə Ərdəbil həbsxanasında saxlanılan başqa Güneyli siyasi məhbus Yusif Kari aksiyaya qoşulmuşdu.

Onlara dəstək üçün iyunun 13-ü Ərdəbil həbsxanasında saxlanılan daha üç Güney Azərbaycanlı siyasi məhbus – Mehrdad Şeyxi, Əli Vasiqi və Rza Vasiqi aclığa başlamışdı.

İyunun 14-də isə Tehranın Evin həbsxanasında saxlanılan əlavə 3 Güney Azərbaycanlı siyasi məhbus – Siyamək Mirzayi, Behnam Şeyxi və Kiyanuş Aslani aclıq aksiyasına başladıqlarını bildirmişdilər.

Aksiyanın genişləndiyindən təşvişə düşən həbsxana məsulları iyunun 14-ü axşam saatlarında Abbas Lisani və digər Azərbaycanlı siyasi məhbusların irəli sürdüyü tələbləri qəbul etmək məcburiyyətində qalıb.

Bundan sonra siyasi məhbuslar aclıq aksiyasını dayandırıb.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.