Press "Enter" to skip to content

Şuşa Bəyannaməsi qarşılıqlı hərbi müdafiəni nəzərdə tutur

Son yeniləmə: 17 İyun 2021 20:53

Yücel Karauz: Şuşa Bəyannaməsinin imzalanması ilə dünyada örnəyi olmayan bir hərbi əməkdaşlığın əsası qoyulub

Bayraqdar.info – “İyunun 15-də imzalanan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi mühüm və strateji əhəmiyyətə malik sənəddir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən imzalanan bu Bəyannamə təkcə iki dövlətə deyil, ümumilikdə regiona sülh, sabitlik, iqtisadi inkişaf baxımından yeni-yeni uğurlar vəd edir.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general Bəyannamədə bir çox sahələri əhatə edən məqamların öz əksini tapdığını deyib: “Lakin mən Bəyannamədə müdafiə sahəsində əməkdaşlıqla bağlı məqamın üzərində dayanmaq istəyirəm. Bəlli olduğu kimi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsası tarixi Trabzon və Batum anlaşmalarıyla qoyulub. Məhz bu anlaşmalara əsasən Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edib. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra – 1992-ci ildə iki qardaş ölkə arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanıb. Bununla da həmin dövrdə Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlığın əsası qoyulub”.

Y.Karauz deyib ki, 2010-cu ildə bu əməkdaşlığın əhatə dairəsi daha da genişlənib və yüksək səviyyəli toplantıların keçirilməsi ilə yeni mərhələyə qədəm qoyulub. 2012-ci ildə imzalanan Qəbələ razılaşması ilə iki ölkə hərbiçilərinin birgə hərbi təlimlərinin keçirilməsinə başlanılıb. Bütün bunların fonunda 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsini hərbi əməkdaşlığımızın zirvə nöqtəsinə çatması kimi dəyərləndirə bilərik. Çünki tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi keçiriləcək.

Hərbi ekspert daha sonra əlavə edib ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər müdafiə qabiliyyəti və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn birgə addımlar atacaqlar. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcəklər.

Y.Karauz onu da bildirib ki, tərəflər qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər. Bir-birilərini sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcəklər. Hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Türkiyəli ekspert əlavə edib ki, nəhayətdə iki dövlətdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birinə zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək. Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.

“Bir sözlə, bu Bəyannamənin imzalanması ilə dünyada 200 ölkə arasında bənzəri olmayan bir hərbi əməkdaşlığın əsası qoyulub. Şuşa Bəyannaməsi bunu ifadə edir: Ankaranın təhlükəsizliyi Bakıdan, Bakının, Şuşanın, Naxçıvanın təhlükəsizliyi isə Ankaradan keçir. Bunu regionda hər kəs, bütün ölkələr, o cümlədən Ermənistan və Ermənistanı bir maşa kimi istifadə edənlər də yaxşı bilməlidir”, – deyə Y.Karauz sözünü bitirib.

Mission News Theme by Compete Themes.