Press "Enter" to skip to content

Məşhur fotoqrafla tələbələrin görüşü təşkil edilib

Bayraqdar.info – İyunun 17-də məşhur fotojurnalist Rza Diqqəti ilə Azərbaycanda təhsil alan əcnəbi tələbələr və xaricdə dövlət hesabına təhsil alan Azərbaycanlıların onlayn görüşü keçirilib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, görüşün məqsədi R.Diqqətinin 1990-cı illərdə çəkdiyi fotolarla tanışlıq və müqayisəli təhlil aparmaq olub. Tələbələr fotoqrafın məcburi köçkünlük, II Qarabağ müharibəsi və post-müharibə dövründə çəkdiyi fotolara böyük maraq göstəriblər.
Görüşün videosunu 18 iyun saat 19:00-da Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən izləmək mümkün olacaq.

Rza Diqqəti

Bayraqdar.info xatırladır ki, R.Diqqəti 1952-ci ildə Təbrizdə anadan olub. Onun 14 yaşında ikən çəkdiyi ilk fotosu “Pərvaz” jurnalında dərc olunub. Daha sonra Rza bəy Tehran Dövlət Memarlıq Universitetində təhsil alıb. Amma yenə də fotolar çəkmək işini davam etdirib. Fars rejimi 22 yaşında onu fəaliyyətinə görə 3 illik həbsə atıb və işgəncələrə məruz qoyub. Həbsdən sonra o, memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflıqla ciddi məşğul olub. Onun İran inqilabı zamanı çəkdiyi fotolar tezliklə dünyada məşhurlaşır.

“Nwesweek” jurnalı ilə müqavilə

1979-cu il noyabrın 4-də iranlı tələbələr Tehranda ABŞ səfirliyində içərilərində 66 amerikalı olan 99 nəfəri girov götürür. Bu vaxt səfirlikdə olan tək jurnalist Rza bəy olub.

1981-ci ildən İran rejimi ona qarşı təzyiqlərə başlayır və R.Diqqəti Fransaya köçür. O, 1991-ci ildən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlayıb.

Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığına vurulub. 1992-ci ildə həyat yoldaşı Reyçel Diqqəti ilə birlikdə Parisdə Webistan Foto Agentliyini yaradır.

Fotoqraf UNICEF və Beynəlxalq Qırmızı Xaç Çəmiyyətləri ilə əməkdaşlıq edib. O, Əfqanıstan, Çin, Kongo, Bangladeş kimi ölkələrdə fəaliyyət göstərib.

Onun Azərbaycana ilk səfəri 1987-ci ildə olub. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb.

R.Diqqəti 20 Yanvar, Xocalı faciələrinin şahidlərini fotoaparatının yaddaşına həkk edib. Bundan başqa, müharibə dövründə Şuşa, Zəngilan, Cəbrayıl rayonlarında olub, çəkilişlər aparıb.

2013-cü ildə fotoqrafın Parisdə “Azərbaycan: Tolerantlıq məkanı” adlı sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, BMT-nin Mənzil Qərargahında, Avropa Parlamentində və İsraildə nümayiş edilib.

Mission News Theme by Compete Themes.