Bayraqdar.info – Gəncə Hərbi Prokurorluğunda Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. O, beynəlxalq axtarışa verilib.
Onun haqqında cinayət işinin açılmasına Ermənistan televiziyasına və İrəvandakı “Noyan Tapan” agentliyinə iyunun 6-da verdiyi müsahibəsi səbəb olub. Müsahibəsində K.Qumaşyan 17 yük avtomobili həm tank, həm də piyada əleyhinə minanı Kəlbəcər və Laçın rayonlarında 500-600 hektar ərazidə zəncirvari şəkildə basdırdıqlarını bildirib.
Bu barədə məlumatı Baş Prokurorluq yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, K.Qumaşyan həm də “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktorudur. Onun digərləri ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək məqsədilə minalar basdırması barədə məlumatlar Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməyib. Bu da həmin faktların mövcud olmasına dəlalət edir.
Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında soydaşlarımızın minalara düşərək həlak olmaları göstərilən faktların həqiqətə uyğun olmasını təsdiqləyir.
Bildirilib ki, K.Qumaşyan CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilir. Onun barəsində həbs qətimkan tədbiri seçilib və barəsində beynəlxalq axtarış elan olunub.