Bayraqdar.info – İyunun 18-də İqtisadiyyat Nazirliyi ilə Zorlu Holding arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
Nazir ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətinə, investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. O, bildirib ki, qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir.
İqtisadiyyat Nazirliyi və Zorlu Holding arasında imzalanan Memorandum investisiya tərəfdaşlığının genişlənməsinə əlavə imkanlar açır. Belə ki, Zorlu Holding tərəfindən Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşu ilə layihələr icra olunacaq. Bu layihələrin reallaşmasına İqtisadiyyat Nazirliyi lazımi dəstək göstərəcək.
Tədbirdə reallaşdırılacaq layihələrin, yatırılacaq sərmayələrin ölkəmizə, iqtisadiyyatımıza fayda gətirəcəyinə, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Türkiyə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.
Holdingin İdarə Heyətinin sədri Ahmet Nazif Zorlu rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üçün prioritet olan sahələrində irimiqyaslı layihələr həyata keçirəcəyindən məmnunluq və qürur hissi keçirdiyini bildirib. O, bu sahədə görüləcək işlər barədə məlumat verib.