Bayraqdar.info – Ermənistan silahlı qüvvələrinə silah, partlayıcı maddələr və hərbi texnikanın hava yolu ilə qanunsuz olaraq daşınmasında şübhəli bilinən erməni iş adamları barəsində cinayət işi açılıb. Bu iş adamları – “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, “Royalsys Engineering” şirkətinin sahibi, “boz biznesmen” David Qalustyan və “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviçdir. Məlum olub ki, onlar 2001-2021-ci illər ərzində Ermənistana silah-sursat, raket daşıtdırmaqla məşğul olublar.
Araşdırma zamanı erməni biznesmenlərin “Avropada Adi Silahların Məhdudlaşdırılması” Müqaviləsini və “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının tələblərini pozduqları məlum olub. Bunun üçün onlar müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə, Ermənistan Hərbi Hava Qüvvələrinin IL-76TD tipli yük təyyarəsi ilə silah-sursatları Ermənistana daşıtdırıblar.
Bundan başqa, A.Abramyan tərəfindən alınmış IL-76TD tipli yük daşıma təyyarəsi ilə iri çaplı odlu silah, döyüş sursatı, partlayıcı maddələr və raketləri Ermənistana göndəriblər. Eyni zamanda, silah-sursatları Azərbaycanın işğala məruz qalmış Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yolla daşıtdırıblar.
Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Qeyd edilən əməllərə görə, K.S.Sarkisoviç, D.Qalustyan və A.Abramyan barəsində CM-nin 100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü maddələri ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.
Bayraqdar.info-dan: Maraqlıdır ki, Baş Prokurorluq bu açıqlamasında bir dəfə də olsun adı keçən ermənilərin silah-sursatı haradan alıb daşıması haqqında məlumat vermir. Məlumatsız oxucu elə düşünə bilər ki, bunlar Ermənistan erməniləridir və hardansa qaçaq yollarla silah-sursat alıblar.
Lakin elə deyil. Bu ermənilər Rusiyanın ən tanınmış iş adamlarıdır. Yəni Rusiya vətəndaşıdırlar. Silah-sursatı da əsasən Rusiyadan alıb Ermənistana gətiriblər. Qaçaq yolla. Yəni Rusiyadan onların qaçaq yolla bu silah-sursatı çıxarması üçün şərait yaradılıb. Nəzərə alsaq ki, yüklər təyyarə ilə daşınıb, məsələnin ən yüksək səviyyədə həll edildiyi bəlli olur.
Belə olan halda Azərbaycanın Baş Prokurorluğu nə üçün məsələnin bu tərəfinə toxunmamağa üstünlük verib? Niyə yenə də oxu atıb yayı gizlədirik? Həm də az qala bütün dünyanın bildiyi bir gerçəyi Azərbaycanın Baş Prokurorluğu öz açıqlamasından niyə qeyd eləmək istəmir? Açıq suallardır bunlar…