Bayraqdar.info – Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub.
Məlumatda deyilir ki, DTX-nın Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində Azərbaycan vətəndaşı, 1979-cu il təvəllüdlü Mirəhəd Tofiq oğlu Mirismayıllı Ukrayna ərazisində saxlanılıb. O, Azərbaycana gətirilib.
M.Mirismayıllı Suriya ərazisində silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə, DTX-da aparılan cinayət işi üzrə barəsində axtarış elan edilmişdi.
Onun Suriyada Aqil Tağı oğlu Hacıyevin başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etdiyinə şübhələr müəyyənləşib.
2013-cü il iyunun 20-də M.Mirismayıllı Suriyaya gedərək oradakı silahlı münaqişələrdə digər Azərbaycanlılarla birgə iştirak etməkdə şübhəli bilinir.
DTX-dan bildirilir ki, həmçinin, Azərbaycan vətəndaşlarının bir qisminin həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürüldüyü də məlum olub.
Faktla bağlı DTX-da istintaqı aparılan cinayət işi üzrə M.Mirismayıllıya AR.CM-nin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqa verdiyi ifadə zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.