Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyədə səfərdədir. Səfərdə məqsəd Antalya Diplomatiya Forumunda iştirak etməkdir.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu iyunun 18-də işə başlayıb.
Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu “Yenilikçi diplomatiya: yeni dövr, yeni yanaşmalar” mövzusunda təşkil olunan Forumun açılış mərasimində çıxış edib. Bildirib ki, Antalya Diplomatiya Forumu birlikdə düşünmək və hərəkət etmək istiqamətlərini formalaşdırmaq üçün beynəlxalq əhəmiyyətli platformadır.
Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Forumda nitq söyləyib.
Qeyd edək ki, Azərbaycanı tədbirdə Prezidentin köməkçisi – Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov təmsil edir.
XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, nazir C.Bayramov Forum çərçivəsində bir sıra görüşlər keçirib.
İyunun 17-də C.Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb. Görüşdə BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Həmin gün C.Bayramov həmçinin Xorvatiyanın Xarici və Avropa İşləri üzrə naziri Gordan Grliç Radmanla görüşüb.
Nazir Gagauz Yerinin rəhbəri İrina Vlah, Gvineya-Bissaunun Xarici İşlər naziri xanım Suzi Karla Barbosa ilə də görüşüb.
Xarici İşlər naziri Forum çərçivəsində Türk Keneşinin Baş katibi Bağdad Amreyevlə bir araya gəlib.
Nazir C.Bayramov Somali Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Mohamed Abdirizak ilə də görüşüb.