Bayraqdar.info – Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviadaşıyıcısı Türkiyənin kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.
Bu barədə bayraqdar.info-ya “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
Xəbərdə deyilir ki, şənbə günləri həyata keçirilən reyslərdən əlavə, iyulun 4-dən bu istiqamət üzrə uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat imkanı daxildir.
Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin, aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.
Şirkətdən bilirilir ki, aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı H.Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Şirkət sərnişinlərə müraciətlə qeyd edir ki, Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar.
Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri isə Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş şərtləri ilə saytda tanış olmaq mümkündür.
Sərnişinlər COVID-19 infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdır. Türkiyədə COVID-19 infeksiyasına dair testdən keçmək mümkün olan klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaqlar.