Bayrqdar.info – İyunun 19-20-də Bakı şəhərində və Abşeron rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi “Kənddən şəhərə” həftə sonu yarmarkaları keçiriləcək.
Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, üç fərqli ünvanda təşkil olunacaq yarmarkaların əsas məqsədi vətəndaşlar üçün təbii və sağlam kənd məhsullarını əlçatan etməkdir. Məqsəd həm də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkalarda satışa çıxarılacaq kənd təsərrüfatı və qida məhsulları müxtəlif regionlarda fəaliyyət göstərən yerli fermerlər tərəfindən istehsal olunur. Fermerlər yarmarkalarda məhsulları özləri satışa çıxarır. Yarmarkada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bu dəfəki “Kənddən şəhərə” həftə sonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Nazirlik qeyd edir ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil ediləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək alıcıların temperaturu ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin, yarmarka ərazisində təşkilatçı qurum tərəfindən mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.
“Kənddən şəhərə” yarmarkaları;
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında fəaliyyət göstərəcək.