Press "Enter" to skip to content

Azərbaycan səfiri Meksika TV-sində erməni məsələsindən danışıb – VİDEO

Bayraqdar.info – Meksikanın nüfuzlu “Canal 22” dövlət televiziyasının “Xəbərlər” proqramında səfir Məmməd Talıbovun müsahibəsi efirə gedib.

Bu barədə bayraqdar.info-ya ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Müsahibədə ilk olaraq, erməni təcavüzünün tarixi və Vətən müharibəsinin yekunları haqda məlumat verilib. 30 ilə yaxın davam etmiş işğal müddətində Azərbaycan ərazilərinin beşdə birində bütün yaşayış infrastrukturunun məhv edildiyi vurğulanıb. Ölkəmizə aid tarixi-mədəni abidələrin erməni vandalizminə məruz qaldığı bildirilib.

Hazırda 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün mümkün qədər qısa zamanda öz evlərinə qayıda bilməsi üçün Azərbaycanın bütün səylərini bu ərazilərin minalardan tam təmizlənməsi və yenidən qurulmasına yönəltdiyi bildirilib. Bu xüsusda artıq yollar, hava limanları, hospital, məktəb və digər zəruri infrastruktur layihələrinin inşasının həyata keçirildiyi deyilib.

Həmçinin, Azərbaycan hökumətinin bu ərazilərdə erməni vandalizminin qurbanı olmuş tarixi-mədəni abidələrimizin, xüsusilə Şuşa şəhərinin mədəni irsinin bərpası yönündə önəmli addımlar atdığı söylənilib.

Söhbət zamanı Azərbaycanın çoxmədəniyyətlilik ənənələri, müxtəlif sivilizasiyalar və fərqli mədəniyyətlər arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə ölkəmizdə uğurla aparılan “Bakı prosesi”ndən də bəhs edilib. Bu çərçivədə həyata keçirilmiş mötəbər tədbirlər və bu addımların sözügedən sahəyə verdiyi önəmli töhfələr haqda məlumat verilib.

Sonda Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf tempi haqda danışılıb.

Mission News Theme by Compete Themes.