Press "Enter" to skip to content

Yerli icra hakimiyyətlərinin xidmətləri elektronlaşacaq

Osman Gündüz

Bayraqdar.info – Hazırda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması üzrə işlərə başlanılıb.

Bir müddət öncə VXSİ Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada müzakirə edilib.

Portal ilkin mərhələdə pilot layihə olaraq Gəncə şəhəri, Masallı və Quba rayonlarını əhatə edəcək.

Regionlarda göstərilən hansı xidmətlər elektronlaşacaq?

Elektron Hökumətin İnkişafı Mərkəzi yerli icra hakimiyyətlərinin göstərdiyi təxminən 40-dək xidmətdən ilkin mərhələdə 12-sinin elektronlaşacağını bildirib. Hələlik bu xidmətlərin siyahısı açıqlanmayıb.

Eyni zamanda Multimedia Mərkəzi və Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura regionlarda yerli icra qurumları tərəfindən göstərilən dövət xidmətləri ilə bağlı müəyyən araşdırmalar və sorğular aparıb.

Bunun nəticəsi olaraq daha vacib və ictimai-sosial əhəmiyyət kəsb edən, populyar olan regional xidmətlərin siyahısı müəyyən olunub. İlk növbədə bu xidmətlərin elektron formaya keçirilməsi təklif edilib.

Bununla bağlı təkliflər VXSİ Dövlət Agentliyinə də təqdim edilib.

Təkliflərimizdə əsasən aşağıdakı regional xidmətlərin ilk növbədə rəqəmsala keçirilməsi tövsiyə edilib:

1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi;
2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması;
3. Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması, tikintiyə icazə verilməsi;
4. Fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı;
5. Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi;
6. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması;
7. Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi və s.

Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal icra hakimiyyəti” portalını yaxın müddətdə istifadəyə verməyi nəzərdə tutub.

Mission News Theme by Compete Themes.