Press "Enter" to skip to content

“Şuşa Bəyannaməsi regionumuza əbədi sülh, sabitlik və inkişaf vəd edir”

Bayraqdar.info – “Dünyaya nümunə olan Türkiyə-Azərbaycan münasibətləri iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə Zirvə mərhələsinə qədəm qoyub. Bu Bəyannamə ilk növbədə münasibətlərimizin böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf etdiyini təsdiqlədi.”

Bunu “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bayraqdar.info-ya dəyərləndirən millət vəkili İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, bu sənəd iki qardaş ölkə arasındakı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir: “Eyni zamanda Şuşa Bəyannaməsi regionumuza da əbədi sülh, sabitlik və yeni inkişaf vəd edir. Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən sonra regionda yeni reallıq yaranıb. Bu reallıq region ölkələrini gələcək inkişaf naminə eyni mövqedən çıxış etməyə səsləyir. İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi isə, deyərdim ki, bu əməkdaşlığın uzunömürlü olmasına xidmət edir”.

İ.Məmmədovun sözlərinə görə, Bəyannamədə iki məqam var ki, bunların üzərində xüsusi olaraq dayanmaq lazımdır: “Birinci məqam tərəflər arasında müdafiə sahəsində əməkdaşlığn daha da dərinləşməsi məsələsidir. Bu, əslində iki qardaş ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması kimi də dəyərləndirilməlidir. Digər məqam isə, yuxarıda bəhs etdiyimiz yeni reallıqla birbaşa bağlı olan Zəngəzur dəhlizi ilə əlaqədardır. Yəni, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasına dair məqam da bu Bəyannamədə öz əksini tapıb. Bir sözlə, Şuşa Bəyannaməsinin imzalanması nəinki iki ölkənin, bütövlükdə regionun tarixində özənməxsus yer tutacaq”.

Mission News Theme by Compete Themes.