Bayraqdar.info – İyunun 17-də Dövlət İmtahan Mərkəzi 9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirib.
DİM-in Mətbuat Xidmətindən verilən xəbərə görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar Bakı şəhərinin Binəqədi, Pirallahı, Sabunçu rayonlarında, həmçinin Cəlilabad, Füzuli, Kürdəmir, Neftçala, Qax, Quba, Samux, Şəmkir rayonlarında keçirilib.
İyunun 17-də Bakıdakı xüsusi – internat, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə də imtahan keçirilib. DİM-dən bildirilir ki, imtahanlarda 102 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, nitq pozuntulu) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. Həmçinin, eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
Bundan başqa, Bakıda və Şəmkirdə yerləşən tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, həmçinin, Çilov adasında yerləşən məktəbin şagirdləri də imtahan veriblər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
Eyni zamanda, iyunun 17-də cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdlərindən də imtahan götürülüb .
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 1 min 747 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 120 ümumi imtahan rəhbəri, 303 imtahan rəhbəri, 2 min 211 nəzarətçi-müəllim, 240 buraxılışı rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.
İmtahanda 22 min 698 şagirdin iştirakı nəzərdə tutulurdu.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxil olma vaxtları müəyyən edilib.
İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan Təcili Tibbi Yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
DİM-dən o da bildirilib ki, imtahan protokolları və cavab kartlarının emalı bir həftə ərzində başa çatacaq və nəticələr elan ediləcək.