Press "Enter" to skip to content

“Biçindən sonra əkin sahəsinə od vurmayın!” – MÜRACİƏT

Bayraqdar.info – Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür.

Ölkə ərazisində yanğın hadisələrinin baş verməməsi üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edir ki, biçindən sonra sahələrə od vurmasınlar. Müraciət əsasən fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlaradır. Hər üç qurum əkin-biçinlə məşğul olanları ümumilikdə əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. “Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər”, – deyə birgə müraciətdə bildirilir.

Müraciətin mətni bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Bildirilir ki, aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən şəxslərin ucbatından baş verir. Əsasən də biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından yanğın əmələ gəlir.

“Qeyd edək ki, isti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda, insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır. Yanğın hadisələrinin baş verməməsi üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq”, – deyə qurumlar əhalini ehtiyatlı olmağa səsləyir.

Mission News Theme by Compete Themes.