Press "Enter" to skip to content

Beş ay ərzində 119 min 175 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb

Bayraqdar.info – Daşınmaz əmlakın qeydiyyatı sahəsində əhalinin xidmətlərdən daha rahat faydalanması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, daşınmaz əmlakın qeydiyyat prosedurunun sadələşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi əsas məqsədlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə işləri davam etdirir.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub: “2021-ci ilin yanvar-may ayları ərzində 119 min 175 daşınmaz əmlakın qeydiyyatı aparılıb. Bunun 28 min 16-sı ilkin, 91 min 159-u isə təkrar qeydiyyatdır. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 27.1% artıb”.

Cari ilin yanvar-may ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17 min 555-i fərdi yaşayış və bağ evi, 36 min 999-u mənzil, 59 min 146-sı torpaq sahəsi, 1 min 328-i qeyri-yaşayış binası, 3 min 843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin ilk 5 ayı ərzində 6 min 168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14.5% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25% artaraq 6 min 286 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 5 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32.1% artaraq 11 min 387, mənzillər üzrə 50% artaraq 23 min 678, torpaq sahələri üzrə isə 36,3% artımla 52 min 860 olub.

Ümumilikdə isə, ötən ilin ilk 5 ayı ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 65 min 403-dən 91 min 159-a yüksəlib.

Mission News Theme by Compete Themes.