Bayraqdar.info – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Kiyev şəhərinin Tarix Muzeyində və T.Şevçenko adına Mərkəzi Uşaq Kitabxanasında görüşlər keçirib.
İdarədən bildirilib ki, Muzeyin yaranma tarixi, ekspozisiyası, fond işi və layihələri haqqında ətraflı məlumat əldə edilib. Muzeydə 2020-ci ildən başlayaraq həyata keçirilən “Ukraine: The Best” (Ukrayna: Ən yaxşılar) və “Great Seven” (Böyük Yeddilik) incəsənət layihələri məna və məzmun etibarilə xüsusilə diqqəti çəkib.
Layihənin müəllifi Yuri Komelkov ideyanın “Novoye vremya” jurnalında “100 məşhur ukraynalı” siyahısından bəhrələnərək yarandığını bildirib. O, multimedia layihəsinin Ukrayna mədəni mühitini təmsil edən şəxsiyyətləri özündə birləşdirdiyini qeyd edib. Layihənin ikinci hissəsi olan “Great Seven” Ukrayna modernizminin parlaq nümayəndələrinə həsr edilib və Ukrayna etnokimliyinin vizual kodunu təşkil edir. Layihənin özəlliyi muzey və şəxsi kolleksiyaların bir arada olmaqla vətənpərvər ruhlu əməkdaşlıq çərçivəsində gerçəkləşməsidir.
Kitabxanadakı görüşdə isə idarəetmə prinsipləri, fond işi və xidmət sahəsində həyata keçirilən layihələr diqqəti cəlb edib və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
İdarədən qeyd edilib ki, nümayəndə heyətinin Ukraynaya səfəri iyunun 21-dək davam edəcək.